Tədbir çərçivəsində 2025-ci il ərzində ictimai birliyin fəaliyyətinin genişləndirilməsinə, idman veteranlarının sosial layihələrinin həyata keçirilməsinə, eləcə də onların ölkə idmanında rolunun və ictimai nüfuzunun artırılmasına göstərdiyi dəstəyə görə Azərbaycan Atletika Federasiyası təşəkkürnamə ilə təltif olunub.
Eyni zamanda, Azərbaycan atletikasına uzun illər sadiqliklə xidmət etmiş Tamilla Bünyadova və Bəhruz Salehli atletikanın inkişafına verdikləri dəyərli töhfələrə görə Fəxri Fərmanla mükafatlandırılıblar. Tədbir zamanı Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə veteran idmançıları təbrik edərək, onların gənc nəsil üçün örnək olan zəngin idman yolunu və atletikanın formalaşmasındakı mühüm rollarını xüsusi vurğulayıb.
Bu cür tədbirlər idman veteranlarının əməyinə verilən dəyərin göstəricisi olmaqla yanaşı, idman ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.