Tədbir Dünya Atletikası, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası , Zəfər qaçış klubu və “Camphood” şirkətinin birgə təşkilatçılığı ilə keçirilib. Yarışda müxtəlif yaş qruplarını təmsil edən 200-ə yaxın uşaq iştirak edərək öz qüvvələrini 400, 600, 800 və 1000 metr məsafələrə qaçış üzrə sınayıblar. Tədbirin əsas məqsədi uşaqlar arasında sağlam həyat tərzinin təbliği, atletikaya marağın artırılması və gənc istedadların üzə çıxarılması olub. Qeyd edək ki, Azərbaycan Atletika Federasiyası Dünya Atletikasına üzv federasiyalar arasında Dünya Uşaq Atletikası Gününün keçirilməsində yüksək fəallığı ilə seçilən qurumlardan biridir. Dünya Atletikasının inkişaf strategiyasına uyğun olaraq ölkəmizdə “Kids Athletics” layihəsi uğurla həyata keçirilir, mütəmadi olaraq müxtəlif yarışlar və maarifləndirici tədbirlər təşkil olunur.Tədbirin sonunda bütün iştirakçılara Finiş medalı, qaliblərə isə medal,diplom və hədiyyələr təqdim olunub.