Serbiyanın paytaxtı Belqradda atletika üzrə qapalı məkanda Balkan çempionatı keçirilir. Yarışda ölkəmiz 6 idmançı ilə təmsil olunur. Üç təkanla tullanma növündə mübarizə aparan Rüstəm Məmmədov nüfuzlu yarışda parlaq qələbə ilə yadda qalıb. Atletimizin göstəricisi 16.30 metr olub. Bu nəticə ilə Məmmədov 9 ölkədən 12 idmançının mübarizə apardığı yarışda bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xatırladaq ki, son dəfə Azərbaycan idmançılarından Nazim Babayev 2020-ci ildə qapalı məkanda Balkan çempionatının qalibi olmuşdu.