5 km məsafəyə qaçış yarışı Xankəndi şəhərində baş tutub. Açılış mərasimində çıxış edənlər bölgədə idmanın inkişafının, kütləvi idman tədbirlərinin təşkilinin və sağlam həyat tərzinin təşviqinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, Xankəndidə belə idman tədbirlərinin keçirilməsi şəhərin ictimai həyatının daha da canlanmasına və idman məkanına çevrilməsinə mühüm töhfə verir. Qarabağ Universitetinin əməkdaşları və tələbələrinin iştirak etdiyi yarışda ümumilikdə 240-a yaxın iştirakçı mübarizə aparıb. Kişilərin yarışında Qarabağ Universitetinin müəllimi Şumey Kleyson bütün rəqiblərini qabaqlayaraq qalib gəlib. Nurlan İbrahimov ikinci, Heybətalı Əhmədzadə isə üçüncü yeri tutub. Qadınların mübarizəsində Sevinc Yusifova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nəzrin Şahbazlı ikinci, Aytac Zamanlı isə üçüncü olub.