11 may 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü, təşkilatçılığı və eyni zamanda Azərbaycan Atletika Federasiyası (AAF) və “Zəfər” Qaçış Klubunun dəstəyi ilə Qusar rayonunda səhiyyə işçiləri arasında “Sağlamlığa Doğru Qaç!” adlı qaçış layihəsinin növbəti mərhələ yarışı keçirilib.
Tədbir ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq, onun əziz xatirəsinin dərin ehtiramla yad edilməsi ilə başlayıb.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
17 İyun – Tibb işçilərinin Peşə bayramına həsr edilən Layihənin əsas məqsədi tibb işçilərinin fiziki sağlamlığının təşviqi, onların asudə vaxtlarının səmərəli təşkili, həmkarlar arasında həmrəyliyin möhkəmləndirilməsi və yeni dostluqların qurulması olub.
Yarışda Qusar, Siyəzən, Xızı, Şabran, Xaçmaz və Quba rayonlarının Səhiyyə İşçiləri Həmkarlar İttifaqı (SİHİ) şura üzvləri və Quba Tibb Kollecinin tələbələri olmaqla ümumilikdə 150 nəfər iştirak edib. Yarışın yekununda qadın və kişi iştirakçılar arasında ilk üçlükdə yer alanlara diplom, medal, hədiyyələr təqdim olunub və qaliblər 8 iyunda Xankəndi şəhərində keçiriləcək Final yarışına vəsiqə qazanıblar.
Tədbirin bədii hissəsində vətənpərvərlik ruhunda ifalar səsləndi, uşaqlardan ibarət rəqs qrupları çıxış etdi.
Sonda qonaqlara və iştirakçılara çay süfrəsi təqdim edilib.
Beləliklə, Qusar rayonunda uğurla keçirilən “Sağlamlığa Doğru Qaç!” layihəsi iştirakçılar arasında böyük sevinc və bayram əhval-ruhiyyəsi yaradıb.